Məhdud Fiziki İmkanlı Şəxslər üçün


Naxçıvan Regional İnformasiya Mərkəzi

Haqqımızda


2010-cu il oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.

Naxçıvan Regional İnformasiya Mərkəzi müasir texnologiyalarla təchiz olunub. Mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audio-kitabxana, ədəbiyyat fondunun audio-formata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə olunması xidmətlərini təmin edən kompüter salonu fəaliyyət göstərir.

Mərkəzdə hərəsində 24 kompüter olan 2 kompüter otağı və 12 kompüterdən ibarət tədris otağı fəaliyyət göstərir. Kor və zəif görənlər üçün kompüterlərə Brayl displeyi, "VideoLight" böyüdücü cihazı quraşdırılıb. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. Displeyin vasitəsilə istifadəçi həm monitordakı informasiyanı əldə edə, həm də informasiyanı ora əlavə edə bilir. "Videolight" böyüdücü cihazı vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Kor və zəif görən insanlar "Kitab həvəskarı - kompakt" oxu maşınının imkanlarından istifadə edə bilərlər. Bu qurğunun vasitəsilə Azərbaycan, türk, ingilis, rus və s. dillərdə istənilən kitabı səsləndirmək mümkündür.

Əqli cəhətdən zəiflər üçün yaradılan intellektual oyunlar otağındakı kompüterlərə zehni inkişaf etdirən oyunlar daxil edilib. Mərkəzin kitabxanasında görmə qabiliyyətini itirmiş insanlar üçün 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitab və həmçinin zəif görən insanlar üçün böyük şriftlə nəşr olunmuş kitablar vardır. Mərkəzdə yaradılan audio-studiyanın yardımı ilə kitabxana audio-kitablarla təmin ediləcəkdir.

İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılıb. Kinozalda lal və karlar üçün altyazılı filmlərin nümayişi nəzərdə tutulub. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, "tanışlıq" bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qurmağa imkan yaradır.

Mərkəzə əlil arabası ilə daxil olmaq və maneəsiz hərəkət etmək üçün şərait yaradılıb. Ümumi sahəsi 860 kvadrat metr olan binanın həyətində yaşıllaşdırma işləri aparılıb, istirahət guşələri salınıb.

Mərkəzin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə biləcəklər.

Məqsədimiz


Son illər dünyada bir çox sahələrdə əldə edilən tərəqqiyə baxmayaraq, əlilliyi olan əksər insanlar bərabər imkanlara nail olmaq və cəmiyyətin həyatında tam iştirak etməklə bağlı, həmçinin sosial və iqtisadi hüquqlarının reallaşdırılmasında hələ də maneələrlə üzləşirlər. Belə maneələrə aşağı səviyyəli təhsil və texniki peşə təhsili, keyfiyyətsiz səhiyyə xidmətləri, erkən diaqnostika və erkən profilaktika, yüksək işsizlik səviyyəsi, gəlirin azlığı, sosial təcrid, dözümsüzlük, birbaşa və yaxud dolayı ayrıseçkilik, zorakılıq, pis rəftar və təhqir kimi hallar daxildir.

Azərbaycan MDB ölkələri arasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nı ilk ratifikasiya edən ölkələrdən olub və artıq ilkin dövlət hesabatını təqdim etmişdir. Qeyri-hökumət təşkilatları və Ombudsman alternativ və paralel hesabatlarını təqdim etmişlər. Konvensiyanın tələblərini yerinə yetirmək üçün ölkə prezidentinin sərəncamı ilə Operativ İşçi Qrup yaradılmışdır.

Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılır.

Avadanlıqlar


PAC Mate

PAC Mate gözdən əlillər üçün nəzərdə tutulmuş kompüter avadanlığıdır. Kompüterə Pocket Word, Internet Explorer, Windows Media Player, Jaws For Windows ekran oxuma və başqa proqramlar yüklənib.

Index 4x4 Pro printeri

Index 4x4 Pro printeri vasitəsilə kitablar, jurnallar və digər kiçikölçülü nəşrlər hazırlamaq mümkündür. Cihaz 200 səhifəlik materialı yaddaşda saxlaya bilir.

"Kitab həvəskarı - kompakt" (Sara CE)

"Kitab həvəskarı - kompakt" (Sara CE) LCD ekrana bağlanır və bu cihaz vasitəsilə oxucu tam rahatlıqla istədiyi kitabın məzmunu ilə tanış ola bilər. Kitab cihazın üzərinə yerləşdirilir, cihaz onu incələdikdən sonra səsləndirir.

Focus 40 Brayl ekranı

Gözdən əlillər üçün nəzərdə tutulan digər avadanlıq isə brayl ekran Focus 40-dır. Belə ki, bu cihaz kompüterdəki mətni qabartma yazıya çevirir.

"Videolight" böyüdücü cihazı

"Videolight" böyüdücü cihazın bir çox texnoloji üstünlükləri var: çox qısa zamanda mətni oxuyur; internetdən kitab yükləyib səsləndirir; səhifədə neçə söz olduğunu hesablayır; mətndə dəyişiklik və ya əlavə etmək mümkündür; mətni brayl əlifbasına çevirib printerə göndərə bilir.

Jaws For Windows Ekran Oxuma Proqramı

Jaws For Windows Ekran Oxuma Proqramı gözdən əlillər üçün hazırlanmış xüsusi proqramdır. Bu proqram sayəsində əlillər internetdən sərbəst şəkildə istifadə edə, kitab oxuya bilər.

Brayl kitabları

Regional İnformasiya Mərkəzlərinin kitabxanalarına görmə qabiliyyətini itirmiş şəxslər üçün xüsusi nəşrlər hədiyyə edilib. Kitabxanada Brayl əlifbası ilə nəşr edilən dərsliklərlə yanaşı, jurnallar, Azərbaycan və dünya klassiklərinin əsərləri, müqəddəs "Qurani- Kərim" kitabı da var.

Audio-kitablar

Regional İnformasiya Mərkəzlərində ən son texnologiyalarla zəngin audio-kitabxanalar yaradılıb. Burada Azərbaycan və dünya ədəbiyyatının əvəzolunmaz şair və yazıçılarının əsərlərindən ibarət audio-kitablar var. Kitabxana hər il yenilənir.

Foto


Video


Əlaqə


Ünvan: Naxçıvan şəhəri, N. Əliyev 4A
Telefon: 036 545 65 26